< Qanunun Təkrari 31 >
1 Musa bütün İsraillilərin qarşısına çıxıb belə dedi:
2 «Artıq mən yüz iyirmi yaşındayam, daha sizə başçılıq etməyə taqətim yoxdur. Rəbb mənə demişdir ki, sən İordan çayını keçməyəcəksən.
3 Oranı keçəndə Allahınız Rəbb Özü qabağınızda gedəcək və bu millətləri qarşınızdan yox edəcək, siz də onların torpaqlarını irs olaraq alacaqsınız. Rəbbin sözünə görə Yeşua sizə rəhbərlik edəcək.
4 Rəbb Emorlu padşahları Sixonu və Oqu həlak edərək ölkələrinin başına gətirdiyini bu millətlərin də başına gətirəcək.
5 Rəbb onları sizə təslim edəcək. Onlarla əmr etdiyim kimi rəftar etməlisiniz.
6 Möhkəm və cəsarətli olun! Onlardan qorxub çəkinməyin! Çünki Allahınız Rəbb sizinlə gedir. O sizi atmaz, tərk etməz!»
7 Sonra Musa Yeşuanı çağırıb bütün İsraillilərin gözü qarşısında ona belə dedi: «Möhkəm və cəsarətli ol! Çünki Rəbbin atalarına vəd etdiyi ölkəyə bu xalqla birlikdə sən gedəcəksən. Ölkəni irs olaraq onlara sən verəcəksən.
8 Başının üstündə Rəbb gedəcək. O səninlədir, səni atmaz və tərk etməz. Qorxub çəkinmə!»
9 Musa bu qanunu yazıb sonra Rəbbin Əhd sandığını aparan Levili kahinlərə və bütün İsrail ağsaqqallarına verdi.
10 Sonra onlara belə buyurdu: «Hər yeddi ilin sonunda, borcların bağışlanma ilində, Çardaqlar bayramında,
11 bütün İsraillilər Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə gələndə bu qanunu İsraillilərə oxuyun.
12 Xalqın kişi, qadın və uşaqlarını, həmçinin şəhərinizdə yaşayan yadelliləri toplayın. Qoy hamı eşidib öyrənsin və Allahınız Rəbdən qorxub Qanunun bütün sözlərinə diqqətlə əməl etsin.
13 Qoy qanunu bilməyən uşaqlar da eşitsinlər və mülk olaraq almaq üçün İordan çayından keçib gedəcəyiniz ölkədə ömür boyu Allahınız Rəbdən qorxmağı öyrənsinlər».
14 Rəbb Musaya dedi: «Ölümünə az qalıb. Yeşuanı çağır. Hüzur çadırında hazır dayanın ki, ona əmrlərimi bildirim». Beləliklə, Musa ilə Yeşua gedib Hüzur çadırında gözlədilər.
15 Sonra Rəbb çadırda sütuna oxşar bir bulud içərisində göründü. Bulud çadırın qapısı üzərində dayandı.
16 Rəbb Musaya belə söylədi: «Bu yaxınlarda ölüb atalarına qovuşacaqsan. Bu xalq da gedəcəyi ölkənin allahlarına bağlanıb Mənə xəyanət edəcək. Məni atıb onlarla bağladığım əhdi pozacaqlar.
17 Onda onlara qəzəblənəcəyəm, onları ataraq üz döndərəcəyəm. Onlar başqalarına yem olacaq, başlarına çox bəlalar və müsibətlər gələcək. Həmin gün “Allahımız bizimlə olmadığı üçün başımıza müsibətlər gəldi” deyəcəklər.
18 Başqa allahlara tərəf dönməklə pis iş gördüklərinə görə mütləq onlardan üz döndərəcəyəm.
19 İndi özünüz üçün bu ilahini yazın və İsrail övladlarına öyrədin. Qoy onu oxusunlar. Belə ki bu ilahi İsraillilərə qarşı Mənim şahidim olsun.
20 Çünki onları atalarına and edib söz verdiyim süd və bal axan torpağa gətirəndə, yeyib-doyanda və kökələndə yad allahlara meyl edərək onlara sitayiş edəcəklər, Məni rədd edərək əhdimi pozacaqlar.
21 Onlara çox bəlalar və müsibətlər yetişəndə qoy bu ilahi onlara qarşı şahid kimi səslənsin, çünki bu ilahi nəsillərin dilindən düşməyəcək. Ona görə ki Mən onları vəd etdiyim torpağa gətirməzdən əvvəl, bu gün belə, fəndgir olduqlarını bilirəm».
22 Həmin gün Musa bu ilahini yazıb İsrail övladlarına öyrətdi.
23 Rəbb o gün Nun oğlu Yeşuaya əmr edib dedi: «Möhkəm və cəsarətli ol, çünki İsrail övladlarını onlara vəd etdiyim ölkəyə sən aparacaqsan və Mən səninləyəm».
24 Musa bu Qanunu sözlərindən heç nəyi əskiltmədən kitaba yazmağı qurtaranda
25 Rəbbin Əhd sandığını daşıyan Levililərə bu əmri verdi:
26 «Bu Qanun kitabını götürüb Allahınız Rəbbin Əhd sandığının yanına qoyun. Qoy sizə qarşı bir şahid olaraq orada qalsın.
27 Çünki sizin üsyankar və dikbaş olduğunuzu bilirəm. Bu gün mən sağ olaraq aranızda ikən belə, Rəbbə üsyankar oldunuzsa, gör mən öləndən sonra necə olacaqsınız.
28 Qəbilələrinizin bütün ağsaqqallarını və məmurlarınızı yanıma toplayın. Bu sözləri onlara eşitdirim ki, göyü və yeri onlara qarşı şahid tutacağam.
29 Ölümümdən sonra tamamilə pozulacağınızı, sizə əmr etdiyim yoldan azacağınızı bilirəm. Axır zamanda müsibətlərlə qarşılaşacaqsınız. Çünki Rəbbin gözündə pis olan işləri görərək əməllərinizlə Onu qəzəbləndirəcəksiniz».
30 Musa bu ilahini axıracan oxudu ki, bütün İsrail camaatı ilahinin sözlərini eşitsin.