< Saylar 1 >
1 İsrail övladlarının Misirdən çıxmasının ikinci ilində, ikinci ayın birinci günü Sina səhrasında, Hüzur çadırında Rəbb Musaya belə dedi:
2 «Bütün İsrail övladlarının icmasını, nəsilləri və ailələri ilə birlikdə siyahıya alın. Bütün kişiləri ayrı-ayrı sayıb adlarını yazın.
3 İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişini sən və Harun siyahıya alıb dəstələrə ayıracaqsınız.
4 Sizinlə bərabər hər qəbilədən bir kişi olsun; bu adamlar ailə başçısı olmalıdır.
5 Sizə kömək edəcək adamlar bunlardır: Ruven qəbiləsindən: Şedeur oğlu Elisur;
6 Şimeondan: Surişadday oğlu Şelumiel;
7 Yəhudadan: Amminadav oğlu Naxşon;
8 İssakardan: Suar oğlu Netanel;
9 Zevulundan: Xelon oğlu Eliav;
10 Yusif övladlarından: Efrayimdən: Ammihud oğlu Elişama; Menaşşedən: Pedahsur oğlu Qamliel;
11 Binyamindən: Gidoni oğlu Avidan;
12 Dandan: Ammişadday oğlu Axiezer;
13 Aşerdən: Okran oğlu Pagiel;
14 Qaddan: Deuel oğlu Elyasaf;
15 Naftalidən: Enan oğlu Axira».
16 Bunlar icmadan təyin edilmiş adamlar, öz ata-babalarının qəbilə rəhbərləri və İsrailin tayfa başçıları idilər.
17 Musa ilə Harun adları göstərilən bu adamları apardılar.
18 İkinci ayın birinci günündə bütün icmanı topladılar; nəsillərinə və ailələrinə görə adlarının siyahısı ilə iyirmi və ondan yuxarı yaşda olanlar ayrı-ayrı yazıldılar.
19 Rəbbin Musaya əmr etdiyi kimi onlar Sina səhrasında xalqı elə də siyahıya aldılar.
20 İsrailin ilk oğlu Ruvenin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.
21 Ruven qəbiləsindən 46 500 nəfər siyahıya alındı.
22 Şimeon övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına ayrı-ayrı qeyd edildi.
23 Şimeon qəbiləsindən 59 300 nəfər siyahıya alındı.
24 Qad övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
25 Qad qəbiləsindən 45 650 nəfər siyahıya alındı.
26 Yəhuda övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
27 Yəhuda qəbiləsindən 74 600 nəfər siyahıya alındı.
28 İssakar övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
29 İssakar qəbiləsindən 54 400 nəfər siyahıya alındı.
30 Zevulun övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
31 Zevulun qəbiləsindən 57 400 nəfər siyahıya alındı.
32 Yusif nəslindən – Efrayim övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
33 Efrayim qəbiləsindən 40 500 nəfər siyahıya alındı.
34 Menaşşe övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
35 Menaşşe qəbiləsindən 32 200 nəfər siyahıya alındı.
36 Binyamin övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
37 Binyamin qəbiləsindən 35 400 nəfər siyahıya alındı.
38 Dan övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
39 Dan qəbiləsindən 62 700 nəfər siyahıya alındı.
40 Aşer övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
41 Aşer qəbiləsindən 41 500 nəfər siyahıya alındı.
42 Naftali övladlarından iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan hər kişi mənsub olduğu nəsil və ailəyə görə adlar siyahısına qeyd edildi.
43 Naftali qəbiləsindən 53 400 nəfər siyahıya alındı.
44 Musa, Harun və İsrailin on iki rəhbəri tərəfindən bunlar siyahıya alındı; hər biri mənsub olduqları ailəni təmsil edirdi.
45 İsraildə iyirmi və ondan yuxarı yaşda döyüşə qabil olan kişilərin hamısı mənsub olduqları ailəyə görə siyahıya alındı.
46 Siyahıya alınanlar cəmi 603 550 nəfər idi.
47 Lakin onların arasında Levililər ailələrinə görə siyahıya alınmadı.
48 Çünki Rəbb Musaya demişdi:
49 «Ancaq Levi qəbiləsini siyahıya alma və digər İsrail övladlarını aldığın siyahıya daxil etmə.
50 Şəhadət məskəni ilə onun bütün avadanlığı və məskənə aid olan hər şey üçün məsuliyyəti Levililərin üzərinə qoy. Məskəni və onun bütün avadanlığını onlar daşısınlar, məskənə baxsınlar və onun ətrafında düşərgə salsınlar.
51 Məskən daşınacağı zaman Levililər onu toplasınlar. Məskən bir yerə qoyulacağı zaman yenə Levililər onu qursunlar. Onlardan savayı məskənə yaxınlaşan öldürülsün.
52 İsrail övladları öz çadırlarını bölüklərinə görə qursunlar. Hər kəs öz düşərgəsində bayrağının altında olsun.
53 Levililər isə Şəhadət məskəni ətrafında düşərgə salsınlar ki, İsrail icması Rəbbin qəzəbinə düçar olmasın. Levililər Şəhadət məskəninə cavabdeh olsunlar».
54 İsrail övladları bütün bunları Rəbbin Musaya əmr etdiyi kimi etdilər.