< Qanunun Təkrari 24 >
1 Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxararsa,
2 evdən çıxmış qadın sonra başqa kişiyə ərə gedə bilər.
3 O biri kişi də onu bəyənməzsə, ona talaq kağızı yazıb əlinə verərək evdən çıxararsa və yaxud onu alan kişi ölərsə,
4 onu evdən çıxarmış əvvəlki əri onu təkrar özünə arvad edə bilməz, çünki qadını ləkələmişdir. Bu, Rəbbin hüzurunda iyrəncdir. Allahınız Rəbbin sizə irs olaraq verəcəyi ölkədə belə günaha yol verməyin.
5 Təzə evlənən adam döyüşə getməsin. Ona heç bir iş tapşırmayın. Qoy bir il evində sərbəst qalıb aldığı arvadı sevindirsin.
6 Dəyirmanı yaxud üst daşını kimsə girov götürməsin, çünki o adamın həyatını girov götürmüş olur.
7 Əgər İsrail övladları arasında kimsə soydaşını oğurlayıb onunla kölə kimi rəftar edərsə yaxud onu satarsa, bu oğru öldürülməlidir. Beləliklə, aranızdan pisliyi atın.
8 Cüzam xəstəliyinə tutulanda Levili kahinlərin əmr etdiyi kimi sizə öyrədəcəkləri hər şeyə əməl etməyə hədsiz diqqət göstərin.
9 Misirdən çıxan zaman Allahınız Rəbbin yolda Məryəmə etdiyi hər şeyi xatırlayın.
10 Qonşunuza bir şey borc verəndə girovu onun evinə girərək özünüz götürməyin.
11 Bayırda dayanın, borc verdiyiniz adam qoy özü girovu bayıra çıxarsın.
12 Əgər o adam kasıbdırsa, onun girovu sizdə ola-ola yatmayın.
13 Girov götürdüyünüzün üst paltarını mütləq gün batanda geri qaytarın ki, o öz üst paltarında yatıb sizə xeyir-dua etsin və bu, Allahınız Rəbbin önündə sizin üçün salehlik sayılsın.
14 Muzdla işləyəni, kasıb və möhtac bir İsrailli soydaşınızı yaxud şəhərlərinizdə yaşayan hər hansı bir qəribi istismar etməyin.
15 Muzdunu hər gün gün batmazdan əvvəl verin, çünki kasıbdır, ümidini yalnız ona bağlayıb. Yoxsa sizdən Rəbbə fəryad edər və siz günahkar sayılarsınız.
16 Oğula görə ata, ataya görə oğul öldürülməsin, hər kəs öz günahına görə öldürülsün.
17 Qəribi və yetimi ədalətdən məhrum etməyin və dul qadının geyimini girov götürməyin.
18 Misirdə kölə olan zaman Allahınız Rəbbin sizi oradan necə qurtardığını xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.
19 Zəminizdə əkini biçən zaman bir dərz unutmusunuzsa, onu götürmək üçün geri qayıtmayın. Qoy o qəribin, yetimin və dul qadının olsun. Onda Allahınız Rəbb ələ götürdüyünüz hər işdə sizə bərəkət verəcək.
20 Ağacları döyüb zeytun yığan zaman budaqlarda qalanı dənləmək üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
21 Bağınızın üzümlərini yığan zaman tənəklərdə qalan məhsulu toplamaq üçün geri qayıtmayın. Qoy o, qəribin, yetimin və dul qadının olsun.
22 Misir torpağında kölə olduğunuzu xatırlayın. Bunun üçün belə rəftar etməyi sizə əmr edirəm.