< Nəğmələr Nəğməsi 7 >
1 Ey əsilzadə qızı, başmaqlı ayaqların gözəldir, Budlarını sanki heykəltəraş yonub, cəvahirə bənzəyir.
2 Göbəyin cürbəcür şərabların tükənmədiyi Dəyirmi piyaləyə bənzəyir. Belin zanbaqlara bürünən Bir dəstə sünbülə bənzəyir,
3 Döşlərin cüt ceyran balası kimi, Əkiz maral balası kimi qoşadır.
4 Boynun fil dişi qülləsi kimi gözəldir. Gözlərin Bat-Rabbim darvazası yanındakı Xeşbon hovuzuna bənzəyir. Burnun Dəməşqə baxan Livan qülləsi kimi gözəldir.
5 Başın Karmel dağı kimi dik durur, Başındakı tellər tünd qırmızı rəngə çalır, Padşah zülfünün əsiri olur.
6 Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim.
7 Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir.
8 Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum.
9 Dodaqların gözəl şərab dadı verir. Qız: Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün.
10 Mən sevgiliminkiyəm, Onun meyl etdiyi mənəm.
11 Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək.
12 Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim.
13 Ey sevgilim, məhəbbət otları ətir saçır, Qapımızın yanında köhnə, təzə – cürbəcür meyvələr var, Sənin üçün saxlanılıb.