< Nəğmələr Nəğməsi 6 >
1 Ey gözəllər gözəli, sevgilin hara gedib? O hansı yana dönüb? Səninlə birgə onu axtarmağa gedək.
2 Sevgilim öz bağçasına – Ətirli gülüstana gedib, Bağçalarda sürüsünü otarmağa, Zanbaq gülü toplamağa gedib.
3 Mən sevgilimin, sevgilim də mənimdir, O, sürüsünü zanbaqlıq içərisində otarır.
4 Ey yarım, sən Tirsa şəhəri qədər gözəlsən, Yerusəlim kimi sevimlisən, Müzəffər ordu kimi möhtəşəmsən.
5 Gözlərini məndən ayır, Onlar məni mat qoyur. Saçların Gilead dağının yamaclarından Tökülən keçi sürüsü tək qapqaradır.
6 Dişlərin yenicə yuyunub çıxan qoyun sürüsü tək düzülüb, Bu qoyunların hamısının əkiz balası var, Aralarında balasız olanı yoxdur.
7 Kəsilmiş nar kimi yaşmaqladığın yanaqlarından qan damır.
8 Altmış mələkə var, Cariyələr səksənə çatır, Kənizlər isə saysızdır.
9 Göyərçinimin, eyibsizimin tayı yoxdur, Anasının yeganə qızıdır, Onu doğanın canı-gözüdür. Qızlar onu görərkən Söyləyirlər: «Bəxtəvərsən!» Mələkələr və cariyələr də onu mədh edir.
10 Şəfəq saçan, Ay tək gözəl, gün tək parlayan, Müzəffər ordu kimi möhtəşəm olan kimdir?
11 Mən qoz bağına endim, Yaşıllaşan vadini görmək istədim. Üzüm tumurcuqlanıbmı, narlar çiçəklənibmi? Bunu seyr edim.
12 Heç özüm də bilmədən ruhum məni apardı, Şanlı xalqımın döyüş arabalarının üstünə qaldırdı.
13 Qayıt, ey Şulam qızı, qayıt, Qayıt, səni görək, qayıt. Oğlan: Maxanayim oyununa tamaşa etdiyiniz kimi Niyə Şulam qızına baxmaq istəyirsiniz?