< Nəğmələr Nəğməsi 2 >
1 Mən Şaron nərgiziyəm, Dərələrdə bitən zanbağam.
2 Mənim yarım qızlar arasındadır, Elə bil bir zanbaq tikanlar arasındadır.
3 Mənim sevgilim oğlanlar arasındadır, Meşədəki ağaclar arasında alma ağacına oxşayır. Kölgəsində oturmaqdan zövq alıram, Meyvəsinin dadı damağımdan getmir.
4 O məni ziyafət evinə apardı, Sevgisi bayraq kimi üzərimdə dalğalanır.
5 Mən eşq xəstəsiyəm, Kişmiş verin, qüvvətlənim, Alma verin, cana gəlim.
6 Sevgilim sol əlini başımın altına salır, Sağ əli ilə məni qucağına alır.
7 Ey Yerusəlimdəki qızlar, sizi and verirəm Dişi ceyranlara, çöldəki marallara! Bizi bu sevgidən oyatmayın, ayıltmayın, Qoy könül istəyənəcən qalsın.
8 Bu, sevgilimin hənirtisidir! O, dağlardan aşaraq, təpələrdən sıçrayaraq gəlir.
9 Sevgilim ahuya, maral balasına oxşayır, Budur, hasarımızın o tayında dayanır, Pəncərələrdən boylanır, barmaqlıqlardan baxır.
10 Mənə belə dedi sevgilim: «Dur gəl, yarım, gözəlim.
11 Budur, artıq qış keçib, Yağıntılar kəsilib.
12 Hər yanda güllər bitib, Nəğmə oxumağın zamanı yetib, Qumrunun səsi torpağı bürüyüb.
13 Əncir yaşıl bar gətirib, Üzüm çiçəklənib ətrini saçır. Dur gəl, yarım, gözəlim!»
14 Ey gözəl göyərçinim, Sanki sal qayalarda, sıldırımlarda gizlənmisən. Qoy üzünü görüm, səsini eşidim, Çünki şirin səsli, gözəl surətlisən.
15 Tülküləri, kiçik tülküləri tutun, Üzümlükləri korlamağa qoymayın, Çünki bağlarımız çiçəklənib.
16 Sevgilim mənimdir, mən də onunam, O, sürüsünü zanbaqlıq içərisində otarır.
17 Gün sərinləşənəcən, kölgələr düşənəcən, Ey sevgilim, geri qayıt, Şişuclu dağların qoynunda olan Ahuya, maral balasına bənzərsən.