< Nəğmələr Nəğməsi 1 >
1 Bu nəğmələr nəğməsi Süleymanındır.
2 Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır.
3 Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan.
4 Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır.
5 Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.
6 Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim.
7 Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim?
8 Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar.
9 Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.
10 Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.
11 Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik.
12 Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.
13 Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.
14 Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür.
15 Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən!
16 Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız.
17 Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır.