< Romalilara 4 >
1 Bəs onda cismani əcdadımız İbrahim haqqında nə deyə bilərik? O nə əldə etdi?
2 Əgər İbrahim öz əməlləri ilə saleh sayılsaydı, öyünməyə haqqı olardı, amma Allahın önündə yox.
3 Müqəddəs Yazı nə deyir? «İbrahim Allaha iman etdi və bu ona salehlik sayıldı».
4 Əməl edənin muzdu ona hədiyyə sayılmaz, bu onun haqqıdır.
5 Lakin əməl etməyib allahsız adamları saleh sayan Allaha iman edən şəxsin imanı ona salehlik sayılır.
6 Davud da o adamın bəxtiyarlığından danışır ki, Allah əməlinə baxmayıb onu saleh sayır:
7 «Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır!
8 Rəbb tərəfindən təqsirkar sayılmayan insan Nə bəxtiyardır!»
9 Məgər bu bəxtiyarlıq yalnız sünnətlilərə məxsusdur, yoxsa sünnətsizlərə də aiddir? Bəli, biz deyirik ki, İbrahimin imanı ona salehlik sayıldı.
10 Nə vəziyyətdə sayıldı? Sünnət olunandan sonra, yoxsa sünnət olunandan əvvəl? Sünnət olunandan sonra deyil, sünnət olunandan əvvəl!
11 O, sünnətsiz ikən imanla malik olduğu salehliyi təsdiq edən möhür olaraq sünnət əlamətini aldı. Beləcə İbrahim sünnətsiz olaraq iman edən hamının atası oldu ki, onlara da imanları salehlik sayılsın.
12 Atamız İbrahim həm də o sünnətli olanların atası oldu ki, sadəcə sünnətli olmaqla qalmayıb, onun sünnət edilməmişdən əvvəl malik olduğu iman izi ilə gedirlər.
13 Çünki İbrahimə və onun nəslinə dünyanı irs almaq vədi Qanun vasitəsilə deyil, imanla saleh sayılmaq vasitəsilə verildi.
14 Əgər Qanuna əsaslananlar varis olsaydı, onda iman mənasız, vəd də təsirsiz olardı.
15 Çünki qanun Allahın qəzəbini üzə çıxarır. Amma qanun olmayan yerdə onun pozulması da olmur.
16 Buna görə də vəd imanla həyata keçir ki, Allahın lütfünə bağlı olsun və İbrahimin bütün nəslini – yalnız Qanuna deyil, İbrahimin malik olduğu həmin imana da əsaslananları əhatə etsin. İbrahim iman etdiyi Allahın – ölülərə həyat verən, yoxluqdan varlıq yaradan Allahın önündə hamımızın atasıdır. Necə ki yazılıb: «Səni çoxlu millətin atası etdim».
17
18 Heç bir ümid olmadığı halda İbrahim çoxlu millətin atası olacağına ümidlə inandı. Çünki ona deyilmişdi ki, «nəslin o qədər olacaq».
19 Hətta təxminən yüz yaşında ikən öz bədəninin artıq ölüyə bənzədiyini, arvadı Saranın da bətninin ölü olduğunu anladı, amma imanı azalmadı.
20 Allahın vədinə imansızlıqla şübhə etmədi, əksinə, imanında möhkəm durub Allahı izzətləndirdi.
21 Tamamilə əmin idi ki, Allah verdiyi vədi yerinə yetirməyə də qadirdir.
22 Buna görə də imanı ona salehlik sayıldı.
23 «Salehlik sayıldı» sözləri yalnız İbrahim üçün yazılmayıb;
24 Rəbbimiz İsanı ölülər arasından Dirildənə iman etməklə saleh sayılacaq bizlər üçün də belə yazılmışdır.
25 İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi.