< Romalilara 13 >
1 Hər kəs başçılıq edən hakimiyyətlərə tabe olsun. Çünki Allah tərəfindən təyin olunmayan hakimiyyət yoxdur; mövcud olan hakimiyyətlər Allah tərəfindən təyin olunub.
2 Buna görə də hakimiyyətə qarşı çıxan adam Allahın təyin etdiyinin əleyhinə çıxır və əleyhinə çıxan belələri özlərini mühakiməyə düçar edir.
3 Çünki yaxşı iş görənlər deyil, pis iş görənlər hökmdarlardan qorxmalıdır. İstəyirsənmi hakimiyyətdən qorxmayasan? Yaxşı iş gör, onda o səni tərifləyər.
4 Hökmdar sənin xeyrin üçün Allaha xidmət edir. Amma pis iş görürsənsə, qorx! Çünki o, əbəs yerə qılınc daşımır, Allaha xidmət edir ki, pis iş görəndən qisas alsın və Allahın qəzəbini onun başına gətirsin.
5 Bu səbəbdən yalnız qəzəbə görə deyil, vicdanın xatirinə də hakimiyyətə tabe olmaq lazımdır.
6 Vergini də siz buna görə ödəyirsiniz. Çünki hökmdarlar Allahın xidmətçisidir və məhz bu işlə daim məşğuldurlar.
7 Beləliklə, hər kəsə öz haqqını verin: vergi haqqı olana vergi, gömrük haqqı olana gömrük, qorxu haqqı olana qorxu, hörmət haqqı olana hörmət.
8 Bir-birinizi sevməkdən başqa heç nədə heç kimə borclu qalmayın; çünki başqasını sevən Qanunu yerinə yetirmiş olur.
9 Belə ki «zina etmə, qətl etmə, oğurluq etmə, tamah salma» və bunlardan başqa nə əmr varsa, bu kəlamla yekunlaşdırmaq olar: «Qonşunu özün kimi sev».
10 Sevən insan qonşusuna qarşı pis iş görməz, buna görə də məhəbbət Qanunun tamamlanmasıdır.
11 Zəmanəni, yuxudan ayılmaq vaxtınızın gəldiyini anlayaraq belə rəftar edin. Çünki indi xilasımız iman etdiyimiz vaxtda olduğundan daha yaxındır.
12 Gecə keçdi, gündüz isə yaxınlaşdı; buna görə də qaranlığın əməllərini üzərimizdən ataq və nurun silahlarına bürünək.
13 Gün işığında olduğu kimi ləyaqətlə həyat sürək; eyş-işrətə və sərxoşluğa, əxlaqsızlığa və pozğunluğa, münaqişəyə və qısqanclığa qapılmayaq.
14 Əksinə, Rəbb İsa Məsihə bürünün və cismani təbiətinizin ehtiraslarına uymaq fikrində olmayın.