< Vəhy 4 >
1 Bundan sonra gördüm ki, göyə açılmış bir qapı var. Əvvəlcə mənimlə danışdığını eşitdiyim, şeypura bənzər səs dedi: «Bura qalx. Bundan sonra baş verməli hadisələri sənə göstərəcəyəm».
2 Elə o an mən Ruhun təsirinə düşdüm. Budur, göydə bir taxt qurulub, taxtda da Biri oturub.
3 Oturanın görünüşü yəşəm və qırmızı əqiq daşına bənzəyirdi. Taxtın ətrafında da görünüşcə zümrüdə bənzəyən göy qurşağı var idi.
4 Taxtın hər tərəfində daha iyirmi dörd taxt var idi və onların üstündə ağ paltar geyinmiş, başında qızıl tac olan iyirmi dörd ağsaqqal oturmuşdu.
5 Taxtdan şimşək, uğultu və göy gurultusu çıxırdı. Taxtın önündə yeddi məşəl yanırdı; bunlar Allahın yeddi ruhudur.
6 Taxtın önündə sanki büllura bənzəyən şüşə dəniz var idi. Taxtın ətrafında, hər dörd yanında önü də, arxası da gözlərlə örtülmüş dörd canlı məxluq var idi.
7 Birinci məxluq aslana, ikinci məxluq danaya, üçüncü məxluqun üzü insan üzünə, dördüncü məxluq da uçan qartala bənzəyirdi.
8 Bu dörd məxluqdan hər birinin altı qanadı var idi; məxluqların hər tərəfi, hətta qanadlarının alt tərəfi də gözlərlə örtülmüşdü. Bu məxluqlar gecə-gündüz dayanmadan deyir: «Var Olmuş, Var Olan və Gəlməli Olan, Külli-İxtiyar Rəbb Allah Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!»
9 Canlı məxluqlar hər dəfə taxtda Oturana, əbədi Yaşayana izzət və şərəf verib şükür edəndə (aiōn )
10 iyirmi dörd ağsaqqal taxtda Oturanın önündə yerə qapanıb əbədi Var Olana səcdə edir və taclarını taxtın önünə atıb deyirlər: (aiōn )
11 «Ey bizim Rəbbimiz və Allahımız! Sən izzət, şərəf və qüdrət almağa layiqsən. Çünki hər şeyi Sən yaratdın, Hər şey Sənin iradənlə var olub yarandı».