< Vəhy 3 >
1 Sardda olan cəmiyyətin mələyinə yaz: Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən.
2 Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm.
3 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən.
4 Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər.
5 Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm.
6 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
7 Filadelfiyada olan cəmiyyətin mələyinə yaz: Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir:
8 sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən.
9 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər.
10 Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam.
11 Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin.
12 Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam.
13 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
14 Laodikeyada olan cəmiyyətin mələyinə yaz: Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir:
15 sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın!
16 İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam.
17 Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan.
18 Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan.
19 Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et.
20 Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik.
21 Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam.
22 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».