< Vəhy 14 >
1 Mən gördüm ki, Quzu Sion dağında durub. Onunla birlikdə 144 000 nəfər var idi. Onların alnında Quzunun adı və Onun Atasının adı yazılmışdı.
2 Mən göydən gur suların sədasına və güclü göy gurultusuna bənzər bir səs eşitdim. Eşitdiyim səs çəng çalanların çənglərinin səsi kimi idi.
3 Onlar taxtın, dörd canlı məxluqun və ağsaqqalların önündə yeni bir nəğmə oxuyurlar. Yer üzündən satın alınmış bu 144 000 nəfərdən başqa heç kəs bu nəğməni öyrənə bilmədi.
4 Bunlar özlərini qadınlarla ləkələməmiş şəxslərdir, çünki bakirdirlər. Quzu hara getsə, onlar da Onun ardınca gedir. Onlar Allah və Quzu üçün nübar olaraq insanlar arasından satın alındı.
5 Ağızlarından heç vaxt yalan çıxmayıb, onlar ləkəsizdir.
6 Mən göyün ortasında uçan başqa bir mələk gördüm. O, yer üzündə yaşayanlara – hər millətə, hər tayfaya, hər dilə və hər xalqa yaymaq üçün əbədi bir Müjdə gətirirdi. (aiōnios )
7 Mələk uca səslə deyirdi: «Allahdan qorxun, Ona izzət verin! Çünki Onun mühakimə edəcəyi vaxt gəldi. Göyü, yeri, dənizi və su qaynaqlarını Yaradana səcdə edin!»
8 İkinci mələk də onun ardınca gələrək deyirdi: «Dağıldı, böyük Babil dağıldı! O, əxlaqsızlığının coşğun şərabını bütün millətlərə içirtmişdi».
9 Bunların ardınca üçüncü bir mələk də gələrək uca səslə deyirdi: «Kim vəhşi heyvana və onun surətinə səcdə edib öz alnının yaxud əlinin damğalanmasını qəbul edərsə,
10 o da Allahın qəzəb kasasına qarışıqsız tökülmüş coşğun şərabından içəcək. Belələrinə müqəddəs mələklərin və Quzunun önündə od və kükürdlə işgəncə veriləcək.
11 Onlara verilən işgəncənin tüstüsü əbədi olaraq qalxacaq. Vəhşi heyvana və onun surətinə səcdə edib adına aid damğanı qəbul edənlər gecə-gündüz rahatlıq tapmayacaq». (aiōn )
12 Allahın əmrlərinə riayət edən və İsaya imanına sadiq qalan müqəddəslərin gərək dözümü olsun.
13 Onda göydən belə deyən bir səs eşitdim: «Yaz: bundan sonra Rəbdə ölənlər nə bəxtiyardır!» Ruh deyir: «Bəli, onlar zəhmətlərindən ayrılıb rahatlıq tapacaqlar, çünki əməllərinin nəticəsi onların ardınca gedir».
14 Mən gördüm ki, ağ bir bulud var və buludun üstündə bəşər oğluna bənzər Biri oturub. Onun başında qızıl tac və əlində iti oraq var idi.
15 Başqa bir mələk də məbəddən çıxıb buludun üstündə Oturana uca səslə dedi: «Orağını işə sal və biç. Çünki yer üzündəki əkin yetişdiyi üçün biçin zamanı gəldi».
16 Onda buludun üstündə Oturan Öz orağını yer üzünə saldı və yer üzü biçildi.
17 Başqa bir mələk də göydəki məbəddən çıxdı. Onun əlində də iti oraq var idi.
18 Od işinə məsul olan başqa bir mələk də qurbangahdan çıxıb iti orağı olan mələyə uca səslə nida etdi: «İti orağını işə sal və yer üzündəki üzüm tənəyindən salxımları kəs yığ, çünki üzümləri yetişib».
19 Mələk orağını yer üzünə salaraq yerdəki üzüm tənəyindən üzümləri kəsib yığdı və Allah hiddətinin böyük üzümsıxanına atdı.
20 Üzümlər şəhərdən kənarda olan üzümsıxanda tapdalandı. Üzümsıxandan qan çıxdı və at yüyənlərinə qədər qalxaraq 1600 stadiyə bərabər məsafəyə axdı.