< Vəhy 11 >
1 Mənə əsaya oxşayan bir qamış verildi və mənə deyildi: «Qalx Allahın məbədini, qurbangahı ölç və orada səcdə edənləri say.
2 Amma məbədin bayır həyətini nəzərə alma və oranı ölçmə. Çünki ora başqa millətlərə verildi və onlar müqəddəs şəhəri qırx iki ay tapdaq edəcək.
3 Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin min iki yüz altmış gün ərzində peyğəmbərlik etsinlər».
4 Bunlar yer üzünün Sahibinin önündə dayanan iki zeytun ağacı və iki çıraqdandır.
5 Əgər kimsə onlara zərər vurmaq istəsə, ağızlarından od çıxıb düşmənlərini yandırıb-yaxır. Beləcə onlara zərər vurmaq istəyən hər kəs bu cür öldürülməlidir.
6 Onların göyü bağlamağa ixtiyarı var ki, peyğəmbərlik etdikləri günlər yağış yağmasın. Həmçinin onların suları qana döndərməyə və yer üzünə istədikləri qədər hər cür bəla gətirməyə ixtiyarı var.
7 Onlar öz şəhadətlərini bitirdikdən sonra dibsiz dərinlikdən çıxan vəhşi heyvan onlarla döyüşəcək və onları məğlub edib öldürəcək. (Abyssos )
8 Cəsədləri onların Rəbbinin də çarmıxa çəkildiyi böyük şəhərin baş küçəsinə səriləcək; həmin şəhər rəmzi olaraq Sodom və Misir adlanır.
9 Müxtəlif xalqlardan, tayfalardan, dillərdən və millətlərdən olan adamlar üç gün yarım onların cəsədinə baxacaq və qəbirə qoyulmasına yol verməyəcəklər.
10 Yer üzündə yaşayanlar onların bu halına sevinib bayram edəcək və bir-birlərinə hədiyyələr göndərəcək. Çünki bu iki peyğəmbər yer üzündə yaşayanlara iztirab vermişdi.
11 Lakin həmin üç gün yarım bitəndə Allahdan gələn həyat nəfəsi onların içinə girdi və onlar ayağa qalxdı. Onda onları görənlərin canına böyük qorxu düşdü.
12 O iki peyğəmbər göydən onlara «Bura qalxın!» deyən uca bir səs eşitdilər və buludun içində göyə qalxdılar. Düşmənləri də onlara baxdı.
13 O saat böyük bir zəlzələ baş verdi və şəhərin onda biri dağıldı. Zəlzələdə yeddi min nəfər həlak oldu, qalanları isə qorxuya düşüb göydəki Allahı izzətləndirdilər.
14 İkinci bəla ötüb keçdi. Budur, tezliklə üçüncü bəla gəlir.
15 Yeddinci mələk şeypurunu çaldı. Göydə belə deyən uca səslər eşidildi: «Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!» (aiōn )
16 Onda Allahın önündə öz taxtlarında oturan iyirmi dörd ağsaqqal üzüstə yerə qapanıb Allaha səcdə edərək
17 dedi: «Ey Var Olan, Var Olmuş Külli-İxtiyar Rəbb Allah, Sənə şükür edirik! Çünki Öz böyük qüdrətini alıb Padşahlıq taxtına çıxdın.
18 Millətlər qəzəbləndi, Sənin də qəzəbinin vaxtı gəldi. Ölüləri mühakimə etmək, Sənin qulların olan Peyğəmbərlərə, müqəddəslərə, Sənin adından qorxanlara, Kiçiklərə və böyüklərə mükafat vermək, Yer üzünü məhv edənləri Məhv etmək vaxtı çatdı».
19 Allahın göydəki məbədi açıldı və Onun Əhd sandığı orada zahir oldu. Onda şimşək, uğultu, göy gurultusu, zəlzələ və güclü dolu gəldi.