< Vəhy 10 >
1 Mən göydən enən başqa bir güclü mələyi gördüm. O, buluda bürünmüşdü və başının üstündə göy qurşağı var idi. Üzü günəşə, ayaqları da od sütununa bənzəyirdi.
2 Əlində açılmış kiçik bir tumar var idi. O, sağ ayağını dənizin üstünə, sol ayağını isə quruya qoydu.
3 Aslan nəriltisinə bənzər uca səslə nida etdi. O nida edəndə yeddi göy gurultusu öz səsi ilə danışdı.
4 Yeddi göy gurultusu danışdığı zaman mən yazmağa hazırlaşırdım ki, göydən danışan bir səs eşitdim: «Yeddi göy gurultusunun söylədiklərini möhürlü saxla, onları yazma».
5 Onda dənizdə və quruda dayandığını gördüyüm mələk sağ əlini göyə tərəf qaldırıb
6 əbədi Var Olanın, göyü və oradakıları, yeri və oradakıları, dənizi və oradakıları Yaradanın adına and içərək dedi: «Daha möhlət verilməyəcək, (aiōn )
7 amma yeddinci mələyin şeypur çalacağı günlər Allahın sirli niyyəti, qulları olan peyğəmbərlərə açdığı kimi tam yerinə yetəcək».
8 Göydən eşitdiyim səs yenə də mənimlə danışıb belə dedi: «Get, dənizdə və quruda dayanan mələyin əlindəki açılmış kiçik tumarı götür».
9 Mən də mələyin yanına gedib ona dedim ki, kiçik tumarı mənə versin. O mənə dedi: «Onu götür, ye. O sənin mədəndə acı, ağzında isə bal kimi şirin olacaq».
10 Mən tumarı mələyin əlindən götürüb yedim. O, ağzımda bal kimi şirin idi, amma onu yeyəndən sonra mədəmdə acılıq oldu.
11 Mənə belə də deyildi: «Sən gərək yenə də çoxlu xalq, millət, dil və padşah barədə peyğəmbərlik edəsən».