< Zəbur 99 >
1 Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2 Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir.
3 Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir!
4 Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5 Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir!
6 Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi.
7 Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin.
9 Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!