< Zəbur 97 >
1 Rəbb hökmranlıq edir, qoy yer üzü şadlıq etsin, Qoy bütün adalar sevinsin.
2 Buludlar və zülmət Onun ətrafındadır, Salehliklə ədalət taxtının təməlidir.
3 Onun önündən alov çıxar, Ətrafındakı düşmənləri yandırıb-yaxar.
4 Şimşəkləri dünyaya işıq saçar, Yer üzü bunu görəndə sarsılar.
5 Dağlar Rəbbin hüzurunda – Bütün yer üzünün Sahibinin hüzurunda mum tək əriyər.
6 Göylər salehliyini bəyan edər, Əzəmətini bütün xalqlar görər.
7 Bütün bütpərəstlər, Xeyirsiz bütlərlə öyünənlər rüsvay olacaq! Ey bütün allahlar, Rəbbə səcdə edin!
8 Ya Rəbb, Sənin hökmlərini Sion eşidib sevinir, Yəhuda qızları cuşa gəlir.
9 Çünki bütün yer üzərində, Ya Rəbb, Haqq-Taala Sənsən! Bütün allahların üzərində Sən nə qədər yüksəksən!
10 Ey Rəbbi sevənlər, şərə nifrət edin! O, möminlərinin canını qoruyar, Onları pislərin əlindən qurtarar.
11 Salehlərin üstünə nur tökülər, Ürəyidüz olanların üstünə sevinc səpilər.
12 Ey salehlər, Rəbbə görə sevinin, Onun müqəddəs adına şükür edin!