< Zəbur 95 >
1 Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
2 Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək!
3 Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4 Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur,
5 Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş!
6 Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7 Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz,
8 «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9 Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar.
10 Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”.
11 Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».