< Zəbur 91 >
1 Haqq-Taalanın pənahında yaşayan, Külli-İxtiyarın kölgəsində oturan insan
2 Rəbb haqqında belə söyləyir: «O mənim sığınacağımdır, qalamdır, Allahımdır, Ona güvənirəm».
3 Bil ki, O səni ovçunun tələsindən, Ağır xəstəliyə düşüb ölməkdən qurtarar.
4 Səni qanadlarının altına alar, Pərlərinin altında sığınacaqsan. Sədaqəti qalxanın, sipərin olar.
5 Nə gecənin kabusundan, Nə də gündüz atılan oxdan,
6 Nə zülmətdə dolanan ağır xəstəlikdən, Nə də günorta məhvedici qırğından qorxmazsan.
7 Yanında min nəfər, Sağında on min nəfər qırılsa, Sənə xətər dəyməz.
8 Gözlərinlə baxacaqsan, Pislərin cəzasını görəcəksən.
9 «Ya Rəbb, sığınacağımsan!» dediyin üçün, Haqq-Taalaya sığındığın üçün
10 Şərə düçar olmazsan, Bəla çadırından uzaq qaçar.
11 Allah sənə görə mələklərinə əmr edər ki, Gedəcəyin hər yerdə səni qorusunlar,
12 Səni əlləri üstündə aparsınlar, Ayağın bir daşa dəyməsin.
13 Şiri, gürzəni ayaqlayarsan, Gənc aslanı, əfi ilanı tapdalayarsan.
14 «Mən Rəbbi sevdiyinə görə onu azad edəcəyəm, İsmimi tanıdığına görə onu yüksəldəcəyəm.
15 Məni çağırarkən ona cavab verəcəyəm, Dar günündə ona yar olacağam, Onu xilas edib şərəfə-şana çatdıracağam.
16 Onu uzun ömürlə doyduracağam, Ona qurtuluşumu göstərəcəyəm».