< Zəbur 88 >
1 Bir ilahi. Qorah övladlarının məzmuru. Musiqi rəhbəri üçün Ezrahlı Hemanın «Maxalat leannot» üstə oxunan maskili. Ya Rəbb, ey məni qurtaran Allah, Gecə-gündüz Sənə yalvarıram!
2 Qoy duam Sənə çatsın, Qulaq as naləmə.
3 Bəlalardan canım boğazıma gəldi, Həyatım ölülər diyarına yaxınlaşır. (Sheol )
4 Qəbirə düşənlərin içində sayılıram, Sanki məndə taqət qalmayıb.
5 Elə bil ölülər içinə düşmüşəm, Yaddaşından silinmişəm, Köməyindən əlimi üzmüşəm, Məzarda yatan meyitlər kimiyəm.
6 Məni dərin qəbirə, Dərin, qaranlıq bir yerə saldın.
7 Qəzəbin üstümə gəldi, Təlatümün tamamilə məni əzdi. (Sela)
8 Tanışlarımı məndən uzaqlaşdırdın, Onlarda mənə qarşı ikrah yaratdın. Qapalı qalmışam, çıxa bilmirəm,
9 Bu zülmümdən gözlərimin nuru sönür. Ya Rəbb, hər gün Səni çağırıram, Sənə əl açıram.
10 Xariqələrini ölülərəmi göstərəcəksən? Kölgələrmi qalxıb Sənə şükür edəcək? (Sela)
11 Məhəbbətin məzardamı, Sədaqətin Həlak yerindəmi bəyan olunacaq?
12 Xariqələrin qaranlıqdamı, Ədalətin unudulma diyarındamı tanınacaq?
13 Mən isə, ya Rəbb, Səni imdada çağırıram, Duam hər səhər hüzuruna qalxır.
14 Ya Rəbb, niyə məni rədd edirsən? Niyə məndən üzünü gizlədirsən?
15 Mən uşaqlıqdan məzlumam, ölümcül haldayam, Göstərdiyin dəhşətlərdən çarəsiz qalmışam.
16 Qəzəbin üzərimdən basır, Verdiyin vahimələrdən məhv oluram.
17 Bunlar sel kimi məni dövrəyə salır, Bunlar birgə həmişə başımın üstünü alır.
18 Yarımı, yoldaşımı məndən uzaqlaşdırmısan, Yalnız qaranlıqla həmdəm olmuşam.