< Zəbur 85 >
1 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın.
2 Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. (Sela)
3 Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın.
4 Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək.
5 Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq?
6 Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi?
7 Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et.
8 Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər.
9 Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
10 Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
11 Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq.
12 Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək.
13 Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar.