< Zəbur 82 >
1 Asəfin məzmuru. Allah Öz toplantısında durub, Hökmünü verərək allahlar arasında deyir:
2 «Nə vaxtadək nahaq hökm verəcəksiniz, Pislərə tərəfkeşlik edəcəksiniz? (Sela)
3 Yoxsulun və yetimin işinə ədalətlə baxın, Məzlumun və fəqirin haqqını verin.
4 Yoxsul və möhtacları qurtarın, Pislərin əlindən onları azad edin.
5 Nə bilirsiniz, nə də ki anlayırsınız! Yerin təməlləri sarsılır, qaranlıqda dolanırsınız.
6 Demişəm: “Siz allahlarsınız, Hər biriniz Haqq-Taala övladlarısınız”.
7 Lakin insan kimi öləcəksiniz, Adi bir hökmdar kimi torpağa düşəcəksiniz».
8 Ey Allah, qalx, dünyaya hakim ol, Çünki bütün millətlərə Sən sahib olacaqsan!