< Zəbur 77 >
1 Musiqi rəhbəri Yedutun üçün. Asəfin məzmuru. Allahı səsləyirəm, fəryad edirəm, Allahı səsləyirəm, O məni dinlər.
2 Dar günümdə Xudavəndi axtarıram, Bütün gecə durmadan, Könlüm ovunmadan Ona əl açmışam.
3 Allahı yada salarkən təlaşa düşürəm, Dərindən fikirləşəndə ruhdan düşürəm. (Sela)
4 Qoymursan gözlərimi yumum, Üzgünlükdən danışa bilmirəm.
5 Düşünürəm keçən günləri, Ötən dövranı, illəri.
6 Oxuduğum ilahi gecələr yadıma düşür, Ürəyimdə düşünəndə könlüm məndən soruşur:
7 «Xudavənd məni əbədilikmi tərk edib? Bir daha məndən razı qalmayacaqmı?
8 Məhəbbəti həmişəlik qurtardımı? Vədi nəsildən-nəslə qədər sona çatdımı?
9 Allah rəhm etməyi unudubmu, Mərhəmətinin yerini qəzəb tutdumu?» (Sela)
10 Dedim: «Bu mənim üçün bəladır, Haqq-Taala daha gücünü göstərmir».
11 Ya Rəbb, Sənin əməllərini yada salıram, Bəli, xatırlayıram, ta qədimdən xariqələr göstərmisən.
12 Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə xəyala dalıram.
13 Allahın yolu müqəddəsdir. Allah kimi böyük hansı allah var?
14 Xariqələr yaradan Allah Sənsən, Xalqlar arasında qüdrətini göstərmisən.
15 Əl uzadıb xalqını, Yaqub, Yusif övladlarını azad etmisən. (Sela)
16 Ey Allah, sular Səni gördü, Səni görən sular qorxdu, Hətta ümmanlar lərzəyə gəldi.
17 Buludlar yağışa döndü, Göylərdən gurultular eşidildi, Hər tərəfə oxların töküldü.
18 Qasırğanın içindən ildırım çaxdı, Şimşəklər yer üzünə işıq saçdı, Yer lərzəyə gəlib sarsıldı.
19 Sən dənizdə, ümman sularda yol açdın, Amma ayaq izlərin məlum olmadı.
20 Sən Musa və Harunun əli ilə Xalqını bir sürü kimi aparmışdın.