< Zəbur 64 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru.
2 Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru.
3 Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar,
4 Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar.
5 Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər.
6 Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz.
7 Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq.
8 Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq.
9 Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək.
10 Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!