< Zəbur 58 >
1 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız?
2 Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir.
3 Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar.
4 Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər.
5 Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir.
6 Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar.
7 Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın.
8 İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər.
9 Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın.
10 Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq.
11 İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»