< Zəbur 57 >
1 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Şauldan qaçıb mağarada gizlənəndə. Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam.
2 Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram.
3 Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. (Sela) Allah Öz məhəbbətini və sədaqətini göndərəcək.
4 Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır.
5 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!
6 Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. (Sela)
7 Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim.
8 Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım.
9 Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm.
10 Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir.
11 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!