< Zəbur 56 >
1 Musiqi rəhbəri üçün. Davudun «Yonat elem rexoqim» üstə oxunan miktamı. Filiştlilər onu Qat şəhərində yaxalayanda. Rəhm et mənə, ey Allah, İnsanlar sel kimi üstümə cumur, Gün boyu döyüşərək məni sıxışdırırlar.
2 Gün boyu düşmənlərim sel kimi üstümə cumur, Əleyhimə qalxan məğrur döyüşçülər çoxdur.
3 Bu dəhşətli gündə Mən yalnız Sənə güvənirəm.
4 Vədinə görə Allaha həmd edirəm, Mən Allaha güvənirəm, qorxmuram; Fani insan mənə nə edə bilər?
5 Hər işimə onlar ziyan vururlar, Həmişə mənə qəsd-qərəz qururlar.
6 Xəlvət bir yerə yığılıb hər addımımı izləyirlər, Pusqu qurub canımı almaq üçün gözləyirlər.
7 Günahlarına görə onları cəzalandır, Ey Allah, qəzəblə bu xalqları yerlə yeksan et.
8 Dərdlərimi saydın, Göz yaşlarımı tuluğuna yığ. Bunlar Sənin kitabında yazılmayıbmı?
9 Mən Səni çağıranda düşmənlərim geri dönür, Bunu bilirəm, Allah mənim tərəfimdədir.
10 Vədinə görə həmd etdiyim Allaha, Vədinə görə həmd etdiyim Rəbbə,
11 Allaha güvənirəm və qorxmuram; Fani insan mənə nə edə bilər?
12 Ey Allah, Sənə olan əhdlərimə əməl etməliyəm, Sənə şükür qurbanı təqdim edəcəyəm.
13 Çünki canımı ölümdən qurtardın, Ayaqlarımı büdrəməyə qoymadın, Belə ki Allahın hüzurunda, Həyatın nurunda dolanım.