< Zəbur 53 >
1 Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər, İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
2 Allah göylərdən bəşər övladına baxır; Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3 Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4 Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı? Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.
5 Onlar böyük dəhşətə düşəcək, Heç görünməmiş dəhşətə düçar olacaqlar. Allah bizi mühasirəyə salanların Sümüklərini qırıb dağıdacaq. Onlar qarşımızda pərt qalacaq, Çünki Allah tərəfindən rədd olunacaqlar.
6 Kaş İsrailin azadlığı Siondan gələydi! Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!