< Zəbur 52 >
1 Musiqi rəhbəri üçün. Davudun maskili. Edomlu Doeq Davudun Aximelekin evinə getdiyini Şaula xəbər verəndə Pisliyinlə nə üçün öyünürsən, ey cəngavər? Sonsuzdur Allahın məhəbbəti.
2 Ey hiyləgər, dilin insanı məhv edir, İti ülgüc kimi kəsir.
3 Yaxşılıqdan çox yamanı, Doğru sözdən çox yalanı sevirsən. (Sela)
4 Ey hiyləgər dilli, Məhvedici sözləri çox sevirsən!
5 Allah səni əbədilik qıracaq, Yaxandan yapışaraq evindən çölə atacaq, Dirilər arasından kökünü qoparacaq. (Sela)
6 Salehlər buna baxıb qorxacaqlar, Gülə-gülə belə deyəcəklər:
7 «Bu adam Allaha pənah gətirmədi, Öz bol sərvətinə güvəndi, Başqalarını məhv edərək gücləndi».
8 Amma mən Allahın evində Yaşıl zeytun ağacına bənzərəm, Daima, əbədilik Allahın məhəbbətinə güvənirəm.
9 Sənin gördüyün işlərə görə daim şükür edirəm, Möminlərin qarşısında gözəl isminə ümid bağlayıram!