< Zəbur 49 >
1 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Siz, ey bütün xalqlar, Bunu dinləyin! Ey dünya sakinləri,
2 Ey sadə insanlar, əsilzadələr, Ey zənginlər, fəqirlər, Hamınız qulaq asın!
3 Dilimdən hikmətli sözlər çıxacaq, Bu müdrik fikirlər qəlbimdən gəlir.
4 Bu məsəllərə qulaq asacağam, Bu müəmmamı mən lira ilə açacağam:
5 Niyə yaman günlərdən, Ətrafımda məni təqib edənlərin pis niyyətindən qorxum?
6 Onlar var-dövlətlərinə güvənirlər, Bol sərvətləri ilə öyünürlər.
7 Amma kimsə öz ömrünü satın ala bilməz, Həyatının haqqını Allaha ödəyə bilməz.
8 Çünki insanın canının haqqı çox dəyərlidir, Ən üstün qiymətlər ona kifayət etmir ki,
9 İnsan əbədi ömür sürsün, Məzarı heç görməsin.
10 Aydındır ki, həm hikmətlilər ölür, Həm axmaqlar, həm də səfehlər tələf olur, Hamının sərvəti başqasına nəsib olur.
11 Torpaqlara sahib olsalar belə, Son mənzilləri qəbirdir, Yenə nəsillərdən-nəsillərədək yerləri məzardır.
12 İnsan dəyərli olsa da, qalmır, Həlak olan heyvana oxşayır.
13 Özünə güvənənlərin yolu ölümə aparır, Özündən razı lovğaların sonu belədir. (Sela)
14 Onlar sürü kimi ölülər diyarına aparılar, Onları ölüm otarar. Səhər açılanda əməlisalehlər onlara hakim olar. Yurd-yuvasından uzaq bir yerdə, ölülər diyarında Cəsədləri çürüyüb qalar. (Sheol )
15 Amma Allah ölülər diyarının əlindən canımı qurtaracaq, Məni oradan alacaq. (Sela) (Sheol )
16 Qorxma bir adam varlı olanda, Evinə sərvət yığılanda.
17 Çünki öləndə heç nə apara bilməz, Sərvəti ardınca getməz.
18 Sağ ikən özünü xoşbəxt saysa da, Uğur qazananda təriflənsə də,
19 Ata-babalarının yanına gedəcək, Sonsuzadək orada işıq görməyəcək.
20 İnsan dəyərli olsa da, anlamır, Həlak olan heyvana oxşayır.