< Zəbur 4 >
1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Səni çağıranda mənə cavab ver, Ey adil Allahım! Dara düşən zaman məni genişə çıxar, Mənə lütf edib duama qulaq as!
2 Ey insan övladları, nə vaxtadək Şərəfimi rüsvayçılığa çevirəcəksiniz? Nə vaxtadək boş şeylərə meyl göstərib Yalan axtaracaqsınız? (Sela)
3 Bilin ki, mömin insanı Rəbb Özü üçün ayırıb; Nə vaxt Rəbbi çağırsam, məni eşidir.
4 Qorxub-titrəyin, günah etməyin, Yatağınızda olarkən ürəyinizdə düşünün, dinməyin. (Sela)
5 Salehlik qurbanları kəsin, Rəbbə güvənin.
6 Çoxları deyir: «Kim bizə yaxşılıq edəcək?» Ya Rəbb, üzünün nurunu üstümüzə sal.
7 Onların bol taxıl və təzə şəraba görə sevindiklərindən də çox Mənim qəlbimə sevinc verdin.
8 Arxayın yatıb yuxuya gedirəm, Çünki yalnız Sən, ya Rəbb, məni əmin-amanlıqda yaşadırsan!