< Zəbur 38 >
1 Davudun yadasalma məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh eləmə.
2 Artıq Sənin oxların mənə saplanıb, Əllərin üstümə ağırlıq salıb.
3 Bədənimdə qəzəbindən sağ yer qalmadı, Günahıma görə sümüklərim də xəstəlik tapdı.
4 Çünki təqsirlərim başımdan aşır, Ağır yük tək onlara gücüm çatmır.
5 Ağılsızlığımın üzündən Yaralarım iyrənc və irinlidir.
6 Mənim qəddim əyilib, ikiqat bükülmüşəm, Gün boyu yaslı gəzirəm.
7 Çünki belim qızdırmadan yandı, Bədənimdə sağ yer qalmadı.
8 Taqətim kəsildi, çox əzilmişəm, Ürəyimdəki iztiraba görə ah-zar edirəm.
9 Ey Xudavənd, mənim arzu-diləyim hüzurundadır, Mənim iniltilərim Səndən gizli qalmır.
10 Ürəyim çırpınır, gücüm tükəndi, Gözlərimin nuru da söndü.
11 Azarımı görüb məndən dost-yoldaşım uzaqlaşdı, Qohumlarım məndən uzaqda qaldı.
12 Canımın qəsdinə duranlar mənə tələ qurur, Bədxahlarım ölümümdən danışır, Gün boyu mənim üçün hiylə qururlar.
13 Mən bir kar kimi eşitmirəm, Dilsiz-ağızsız bir lal kimiyəm.
14 Dilsiz-cavabsız Bir lal-kar kimiyəm.
15 Ya Rəbb, ümidim Sənə qalıb, Ey Xudavənd Allahım, Səndən cavab gözləyirəm!
16 Dedim ki, qoy halıma sevinməsinlər, Ayağım büdrəyəndə qarşımda öyünməsinlər.
17 Mən yıxılmaq üzrəyəm, Daim əzabla üz-üzəyəm.
18 Təqsirlərimi etiraf edirəm, Günahlarım üçün nigarançılıq çəkirəm.
19 Düşmənlərim qüvvətlidir, hələ sağdır, Nahaq yerə mənə nifrət edənlər çoxdur.
20 Yaxşılığa yamanlıq edənlər Yaxşılığa meyl etdiyimə görə əleyhimə durublar.
21 Ya Rəbb, məni tərk etmə! Ey Allahım, məndən uzaq dayanma!
22 Ey Xudavənd, tez imdadıma çat, Mənim xilaskarım Sənsən!