< Zəbur 30 >
1 Davudun məzmuru. Məbədin təqdisinə aid ilahi. Ya Rəbb, Səni ucaldıram, Çünki Sən məni qurtardın, Düşməni mənə görə sevinməyə qoymadın.
2 Ya Rəbb Allahım, Səni imdada çağırarkən Mənə şəfa verdin.
3 Ya Rəbb, canımı Ölülər diyarından azad etdin, Qəbirə düşməyim deyə Sən mənə həyat verdin. (Sheol )
4 Ey Rəbbin möminləri, Onu tərənnüm edin, Onun müqəddəs isminə şükür edin.
5 Çünki qəzəbi bir anlıq olur, Lütfü isə ömür boyu qalır. Kimin bir gecə gözündən yaş tökülərsə, Onun üçün sübh tezdən sevinc doğar.
6 Dinclik tapanda dedim: «Əsla sarsılmaram».
7 Ya Rəbb, lütfünlə məni Bir dağ kimi möhkəm etdin. Sonra məndən üz gizlətdin, Canıma vəlvələ düşdü.
8 Ya Rəbb, Səni çağırdım, Xudavəndə belə yalvardım:
9 «Qanımı töküb qəbirə düşsəm, Sənə fayda verərmi? Torpaq Sənə şükür edə bilərmi, Sədaqətini elan edə bilərmi?
10 Ya Rəbb, dinlə, mənə lütf et, Ya Rəbb, köməyimə çat».
11 Yasımı şənliyə çevirdin, Çulumu çıxarıb məni sevincə bürüdün.
12 Ona görə susmayacağam, Səni ucadan tərənnüm edəcəyəm. Ya Rəbb Allahım, Sənə daim şükür edəcəyəm!