< Zəbur 29 >
1 Davudun məzmuru. Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin!
2 Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin!
3 Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir.
4 Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir,
5 Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar.
6 Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar.
7 Rəbbin səsi şimşəkləri çaxdırar,
8 Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar.
9 Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!»
10 Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub.
11 Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir.