< Zəbur 28 >
1 Davudun məzmuru. Ya Rəbb, Səni səsləyirəm, Ey Qayam, qulağını tıxama. Əgər cavab verməsən, Qəbirə düşənlərə bənzəyərəm.
2 Səni yardıma çağırarkən, Məbədinin ən müqəddəs yerinə tərəf əllərimi qaldırarkən, Yalvarış səsimi eşit.
3 Pislərlə, şər iş görənlərlə birgə Məni dartıb aparma. Onlar qonşuları ilə dost kimi danışır, Lakin qəlblərində şər dolaşır.
4 Əməllərinə, pis işlərinə görə Onların əvəzini ver, Əllərindən gələn bu işlər nəyə layiqdirsə, Onlar üçün ödə.
5 Rəbbin əməllərinə əhəmiyyət vermədiklərinə görə, Onun əllərinin əməllərinə fikir vermədiklərinə görə Rəbb onları yerə vuracaq, Bir daha qaldırmayacaq.
6 Alqış olsun Rəbbə, Yalvarış səsimi eşitdi!
7 Rəbb qalam, sipərimdir! Qəlbim Ona güvənəndə köməyimə çatır. Sevincdən qəlbim cuşa gəlir, İlahilərimlə Ona şükür edirəm.
8 Rəbb Öz xalqının gücüdür, Məsh etdiyi insanın nicat qalasıdır.
9 Öz xalqını qurtar, Seçdiklərinə xeyir-dua ver. Öz sürünü otar, Xalqının əbədilik qayğısına qal!