< Zəbur 25 >
1 Davudun məzmuru. Ya Rəbb, Sənə ürəyimi təqdim edirəm,
2 Ey Allahım, yalnız Sənə güvənirəm! Məni xəcalətdə qoyma, Qoy düşmənlərim mənə qalib gələrək sevinməsinlər.
3 Sənə ümid bağlayanlar heç zaman utanmasınlar, Haqsız xəyanətkarlarsa rüsvay olsunlar.
4 Ya Rəbb, yollarını mənə göstər, Öz yollarını mənə öyrət.
5 Məni haqq yolu ilə apar, Həqiqətini mənə öyrət. Məni qurtaran Allah Sənsən, Daim Səni gözləyirəm.
6 Ya Rəbb, əzəldən bəri var olan Mərhəmətini, məhəbbətini yada sal.
7 Gənclikdə günahkar, üsyankar oldum, Bunları yadına salma. Məni məhəbbətin naminə, Ya Rəbb, xeyirxahlığına görə yada sal!
8 Rəbb xeyirxah və haqdır, Ona görə günahkara düz yol göstərir,
9 İtaətkarları ədalət yolu ilə aparır, Öz yolunu onlara öyrədir.
10 Kim Rəbbin əhdinə və göstərişlərinə bağlıdırsa, Rəbb yolunda onun üçün xeyirxahlıq və sədaqət var.
11 Ya Rəbb, ismin naminə məni bağışla, Təqsirim böyükdür.
12 Rəbdən qorxan kimdir? Rəbb ona yol seçməyi öyrədir.
13 O bəxtəvər yaşayacaq, Ölkə onun nəslinə irs olaraq qalacaq.
14 Rəbb Ondan qorxanlara sirrini açar, Onlara Öz əhdini öyrədər.
15 Həmişə gözüm Rəbdədir, Çünki O, ayaqlarımı tələdən xilas edir.
16 Üzünü mənə sarı çevir və lütfkar ol, Çünki tənhayam, zülm içindəyəm.
17 Qəlbimdəki qubar artıb, Məni dərdlərdən qurtar.
18 Əzab-əziyyətimə bax, Bütün günahlarımı bağışla.
19 Düşmənlərimə bax, gör nə qədər çoxalıb, Amansız nifrətlərinə hədəfəm.
20 Canımı qoru, məni qurtar, Sənə pənah gətirdiyimə görə qoyma rüsvay olum!
21 Qoy kamalla düzlük məni hifz etsin, Çünki Səni gözləyirəm.
22 Ey Allah, İsraili Bütün çətinliklərindən qurtar.