< Zəbur 24 >
1 Davudun məzmuru. Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar.
2 O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı.
3 Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər?
4 – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan.
5 O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq.
6 Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. (Sela)
7 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
8 Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb.
9 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun!
10 Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! (Sela)