< Zəbur 23 >
1 Davudun məzmuru. Rəbb mənim çobanımdır, möhtac olmaram.
2 O, məni yaşıl çəmənlərdə dincəldir, Sakit axan sular kənarında gəzdirir.
3 Məni yenə də canlandırır, İsmi şərəfinə salehlik yolları ilə aparır.
4 Ölüm kölgəsinin dərəsində gəzsəm belə, Şərdən qorxmaram, çünki Sən mənimləsən, Sənin əsan, Sənin dəyənəyin mənə təsəlli verir.
5 Düşmənlərimin qarşısında Mənim üçün süfrə açırsan, Başıma ətirli yağ çəkirsən, Ağzınadək camımı doldurursan.
6 Bəli, bütün həyatım boyu Yaxşılıq, məhəbbət məni izləyir. Bütün ömrüm boyu Rəbbin evində yaşayacağam!