< Zəbur 16 >
1 Davudun miktamı. Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm.
2 Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur.
3 Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram.
4 Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm.
5 Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır.
6 Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu.
7 Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir.
8 Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram.
9 Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır.
10 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. (Sheol )
11 Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».