< Zəbur 146 >
1 Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et!
2 Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm!
3 Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin.
4 Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar.
5 Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan!
6 Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan.
7 O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir,
8 Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir.
9 Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır.
10 Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!