< Zəbur 143 >
1 Davudun məzmuru. Ya Rəbb, eşit duamı, yalvararkən məni dinlə, Mənə sədaqətin, salehliyin naminə cavab söylə.
2 Qulunu məhkəməyə çəkmə, Bu bəşəriyyət içindən kimsə qarşında saleh çıxmaz.
3 Məni düşmən təqib etdi, Yerə vurdu, həyatım əldən getdi. Sanki lap çoxdan ölənlərin biriyəm, Bu düşmən məni zülmətə saldı.
4 Ona görə ruhdan düşmüşəm, Bu dəhşət qəlbimi sarsıtdı.
5 Qədim dövrlər yadıma düşür, Sənin bütün işlərini dərindən düşünürəm, Əməllərin barədə hey fikirləşirəm.
6 Sənə sarı əllərimi açmışam, Bir quraq torpaq kimi Sənin üçün susamışam. (Sela)
7 Ya Rəbb, mənə tez cavab ver, Çünki ürəyim çəkilir. Üzünü məndən gizlətmə, Qoyma qəbirə düşən insanlara bənzəyim.
8 Hər səhər məhəbbətini mənə hiss etdir, Çünki Sənə güvənirəm. Gedəcəyim yolu mənə öyrət, Çünki varlığımı Sənə verirəm.
9 Ya Rəbb, məni düşmənlərdən qurtar, Sənə pənah gətirirəm.
10 Mənə Sənin iradənə əməl etməyi öyrət, Çünki mənim Allahım Sənsən. Sənin Ruhun yaxşıdır, Düz yer üçün mənə yol göstər.
11 Ya Rəbb, mənə ismin naminə həyat ver, Salehliyin naminə canımı dardan qurtar.
12 Məhəbbətin naminə yağılarımı məhv et, Canıma düşmən olanları qır, çünki mən Sənin qulunam.