< Zəbur 142 >
1 Davudun məzmuru. Maskil. Mağarada olanda etdiyi dua. Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram.
2 Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm.
3 Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar.
4 Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır.
5 Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən».
6 Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür.
7 Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!