< Zəbur 141 >
1 Davudun məzmuru. Ya Rəbb, Səni çağırıram, tez imdadıma yetiş, Fəryad edərkən səsimi eşit!
2 Qoy hüzurunda dualarım buxur kimi, Açılan əllərim axşam qurbanı kimi qəbul olunsun!
3 Ya Rəbb, ağzıma nəzarətçi qoy, Dodağımın qapısını qoru.
4 Qoyma qəlbim şərə meyl etsin, Şər iş görənlərə qoşulub mən də pis iş görməyim, Pislərlə birgə onların ləziz yeməklərindən yeməyim.
5 Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər, Bundan imtina etmərəm, sanki başıma çəkilən yağdır. Daim pislərin şərinə qarşı dua edərəm.
6 Hakimləri yarğandan atılarkən Qoy xalq sözlərimi eşitsin, şirinliyini bilsin.
7 Şumlanan yerdə şırımlara narın torpaq töküldüyü kimi Sümüklərimiz ölülər diyarının qapısına səpilib. (Sheol )
8 Ey Xudavənd Rəbb, gözlərimi Sənə dikmişəm, Məni təhlükədə qoyma, Sənə pənah gətirmişəm.
9 Şər iş görənlərin tələsindən, Onların qurduğu cələdən məni qoru.
10 Qoy pislər öz torlarına düşsün, Mən də yolumu salamat keçib-gedim.