< Zəbur 14 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər. İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş, Yaxşı iş görən yoxdur.
2 Rəbb göylərdən bəşər övladına baxır. Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
3 Hamı birgə pozulub, namus əldən gedib, Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
4 Şər iş görənlərin hər biri məgər heç nə qanmır? Xalqımı çörək yerinə yeyirlər, Rəbbi çağırmırlar.
5 Onlar böyük dəhşətə düşəcək, Lakin Allah salehlərin nəslinə yar olacaq.
6 Onlar məzlumların niyyətini boşa çıxarır, Amma Rəbb məzlumların pənahıdır.
7 Kaş İsrailin azadlığı Siondan gələydi! Rəbb Öz xalqına bəxtəvər günlərini qaytaran zaman Yaqub övladları şadlıq edəcək, İsraillilər sevinəcək!