< Zəbur 138 >
1 Davudun məzmuru. Bütün qəlbimlə Sənə şükür edirəm, «Allahlar»ın önündə Səni tərənnüm edirəm.
2 Müqəddəs məbədinə tərəf səcdə edirəm, Məhəbbətin, sədaqətin naminə isminə şükür edirəm. Çünki ismini, kəlamını hər şeydən üstün tutmusan.
3 Səni çağıranda mənə cavab vermisən, Canıma taqət verib məni ürəkləndirmisən.
4 Ya Rəbb, bütün dünya padşahları Sənə şükür edəcəklər, Çünki ağzından çıxan kəlamları eşidiblər.
5 Rəbbin yollarını tərənnüm edəcəklər, Çünki Rəbbin ehtişamı böyükdür.
6 Rəbb ucalarda olsa da, yazıqlara nəzər salar, Amma lovğaları uzaqdan tanıyar.
7 Sıxıntı içində gəzsəm də, Mənə həyat verirsən. Düşmənin qəzəbinə qarşı əl qaldırırsan, Məni sağ əlinlə qurtarırsan.
8 Rəbb mənə verdiyi vədə əməl edir. Ya Rəbb, məhəbbətin əbədidir. Öz əlinin işini tərk etmə!