< Zəbur 137 >
1 Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq,
2 Liralarımızı söyüd ağaclarından asardıq.
3 Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər.
4 Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq?
5 Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun.
6 Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın.
7 Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!»
8 Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun!
9 Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!