< Zəbur 13 >
1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, nə vaxtadək, Yoxsa əbədilikmi məni unudacaqsan? Nə vaxtadək məndən üzünü gizlədəcəksən?
2 Nə vaxtadək qəlbim qəmli olacaq? Könlümdə hər günmü qubar qalacaq? Nə vaxtadək düşmənim üstün olacaq?
3 Bax mənə, cavab ver, ey Allahım Rəbb! Gözümə nur ver ki, əcəl yuxusuna getməyim.
4 Qoy düşmənlərim «uddum onu» deməsinlər, Mən sarsılarkən şənlənməsinlər.
5 Sənin məhəbbətinə güvənirəm, Qurtuluşunla qəlbim şadlanacaq.
6 Rəbbə ilahi nəğməmi oxuyacağam, Çünki mənə comərdlik etdi.