< Zəbur 127 >
1 Süleymanın ziyarət nəğməsi. Evi Rəbb tikməzsə, Bənnaların zəhməti boşa gedər. Şəhəri Rəbb qorumazsa, Keşikçilər boş yerə orada gözlər.
2 Erkən qalxıb gec yatmağınız, Azuqə üçün özünüzü çox yormağınız faydasızdır. Rəbb sevdiklərinə yuxuda olanda belə, verər.
3 Övladlar Rəbbin verdiyi paydır, Bətnin bəhrəsi Onun mükafatıdır.
4 İnsanın gənc ikən övladları olarsa, Bir igidin əlindəki oxlara bənzər.
5 Oxdanı bu cür dolu olan nə bəxtiyardır! Darvazada əleyhdarları ilə çəkişən zaman Xəcalətli olmayacaq.