< Zəbur 124 >
1 Davudun ziyarət nəğməsi. İndi İsrail söyləsin: Rəbb tərəfimizi saxlamasaydı,
2 Bizə qarşı insanlar qalxarkən Rəbb tərəfimizi saxlamasaydı,
3 Bizə qarşı qəzəblərindən yanarkən Bizi diri-diri udardılar,
4 Sular bizi yuyub-aparardı, Sellər üstümüzü basardı,
5 Azğın sular üstümüzü basardı.
6 Alqış olsun Rəbbə! O bizi onların dişlərinə ov etmədi.
7 Bizi ovçunun tələsindən bir quş kimi qurtardı, Tələ qırıldı, canımız azad oldu.
8 Bizə Rəbbin adından, Göyləri və yeri yaradandan yardım gəlir.