< Zəbur 121 >
1 Ziyarət nəğməsi. Gözlərimi dağlara dikirəm, Haradan mənə kömək gələcək?
2 Göyləri və yeri yaradan Rəbdən Mənə kömək gələcək.
3 O, ayaqlarını büdrəməyə qoymaz, Səni qoruyan yatmaz.
4 Bax İsraili qoruyan yuxulamaz, Yatıb qalmaz.
5 Səni qoruyan Rəbdir, O, sağ tərəfindədir, sənə kölgədir.
6 Gündüz günəşin ziyanı sənə dəyməz, Gecə ay da sənə zərər verməz.
7 Rəbb səni hər cür şərdən saxlayar, Canını qoruyar.
8 Rəbb gediş-gəlişini hifz edər İndidən sonsuza qədər.