< Zəbur 116 >
1 Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir.
2 Səsimə qulaq asdığı üçün Nə qədər varam, Onu çağıracağam.
3 Ətrafıma ölüm bağları sarıldı, Ölülər diyarının sıxıntıları məni haqladı, Dərd-bəlalar məni tapdı. (Sheol )
4 O zaman Rəbbin adını çağırdım: «Ya Rəbb, amandır, canımı qurtar!»
5 Rəbb lütfkardır, ədalətlidir, Allahımız mərhəmətlidir.
6 Rəbb avam adamı qoruyur, O məni düşkünlüyə düçar olanda qurtardı.
7 Ey canım, rahat ol, Çünki Rəbb sənə comərdlik etdi.
8 Ya Rəbb, canımı ölümdən, Gözlərimi göz yaşından, ayağımı büdrəməkdən qurtardın.
9 İndi Rəbbin hüzurunda gəzib-dolaşıram, Dirilər arasındayam.
10 «Mən çox əzab çəkirəm» deyərkən İnamımı itirməmişdim.
11 Mən təlaşa düşüb belə demişdim: «Bütün insanlar yalançıdır».
12 Mənə etdiyi comərdliyə görə Rəbbin borcunu necə qaytara bilərəm?
13 Qurtuluş piyaləsini qaldıracağam, Rəbbin ismini çağıracağam.
14 Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm.
15 Rəbbin gözündə hər bir möminin Ölümü çox bahadır.
16 Aman, ya Rəbb, mən Sənin qulunam, Qulunam, kənizinin oğluyam, Buxovlarımı açmısan.
17 Sənə şükür qurbanları təqdim edəcəyəm, Rəbbin adını çağıracağam.
18 Rəbbə Onun bütün xalqı qarşısında Əhd etdiyim təqdimləri verəcəyəm
19 Rəbbin evinin həyətində, Ey Yerusəlim, sənin mərkəzində. Rəbbə həmd edin!